ABŞ Prezidenti CNN telekanalını və digər nüfuzlu nəşrləri qərəzli davranışda ittiham edib...
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı media qurumlarına qarşı növbəti dəfə sərt tənqidlərlə çıxış edib. O, xüsusilə CNN telekanalının, həmçinin “The New York Times” qəzetinin fəaliyyətini hədəfə alaraq bu media orqanlarının ABŞ vətəndaşlarına qarşı ədalətsiz davrandığını iddia edib.
Jurnalistlərlə söhbəti zamanı Tramp CNN telekanalını “zibil” adlandırıb və media nümayəndələrinə müraciətlə bildirib ki, onların fəaliyyəti ölkə ictimaiyyətinə zərər vurub.
“CNN kimi saxta media qurumları, ‘The New York Times’ və digərləri xalqımıza qarşı çox pis davranıblar”, deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti uzun illərdir ki, ölkənin aparıcı media qurumlarını qərəzli mövqe tutmaqda və onun fəaliyyəti barədə yanlış məlumatlar yaymaqda ittiham edir. Tramp xüsusilə CNN telekanalı və “The New York Times” qəzetini tez-tez “saxta media” adlandırır və onların xəbərlərinin etibarlılığını şübhə altına alır.
Müşahidəçilərin fikrincə, Trampın media ilə qarşıdurması ABŞ-də siyasi mübarizənin mühüm elementlərindən birinə çevrilib. Prezidentin tərəfdarları bu çıxışları media qurumlarının qərəzli fəaliyyətinə qarşı mübarizə kimi qiymətləndirsələr də, tənqidçilər bunu mətbuat azadlığına təzyiq cəhdi hesab edirlər.
Poliqon.info